Sülh sazişi – Cənubi Qafqazda maraqları olan gücləri razı salacaqmı? – TƏHLİL - FOTO
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üzrə daha bir tarixi danışıq oldu.
Mayın 1-dən 4-dək ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar baş tutub. Səfər çərçivəsində nazirlər ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
Görüşün nəticəsinə dair Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, C.Bayramovla A.Mirzoyan və onları müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar nəticəsində Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda tərəflər bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
Antoni Blinken isə görüşün nəticələri barədə bunları deyib: “Bu sazişin əldə olunması tarixi olmaqla yanaşı, həm Azərbaycan, həm də Ermənistan xalqının maraqlarına uyğun olacaq və bunun müsbət təsiri hətta hər iki ölkədən kənarda belə hiss ediləcək gücə malik olacaq”.
Ermənistan baş naziri Nikol Paşinyanın Çex Respublikasına səfəri zamanı Azərbaycana qarşı irəli sürdüyü əsassız tələblər, böhtan dolu ittihamlar, habelə ölkə parlamentinin sədri Alen Simonyanın Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının toplantısında etdiyi çıxış rəsmi İrəvanın hələ də sülh razılaşmasını imzalamaqdan uzaq olduğu qənaətinə gəlməyə əsas verir.
Vaşinqton görüşü bir daha sübut etdi ki, rəsmi İrəvan danışıqlar prosesini Ermənistan üçün daha əlverişli vəziyyət yarananadək uzatmaq istəyir. Bundan başqa bu və əvvəlki görüşlərə əsasən, demək olar ki, məsələ ilə bağlı 3 beynəlxalq mövqe var: ABŞ, Avropa İttifaqı və Rusiya. Bu üçlük Azərbaycan torpaqları işğal altında olanda da ortaq mövqe sərgiləyə bilmir, bölgənin Ermənistan və havadarları tərəfindən işğalına göz yumur, ərazinin təbii sərvətlərinin talan olunmasını, müxtəlif tikililərin, habelə tarixi, dini, mədəni abidələrin dağıdılmasını görməzlikdən gəlirdi.
İndi də bu üçlük ayrı-ayrılıqda məsələyə vasitəçiliyi üzərinə götürməyə səy edir. Qarşıda Avropa İttifaqının təşkil edəcəyi Kişineu və Rusiyanın təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan Moskva görüşləri var.
Bu, 5 tərəfi – Azərbaycan, Ermənistan, ABŞ, Avropa İttifaqı və Rusiyanı da qane edəcəyi halda mümkündür. Nikol Paşinyan danışıqlar getdiyi zaman bildirmişdi ki, sülh müqaviləsi iyunun 1-dək imzalansa, çox şad olar. O, bununla Ermənistanı sülhsevər və xoşməramlı və s. göstərməyə cəhd edib. Bununla da sivil dünyanın gözündən pərdə asıb, işğalçı və Cənubi Qafqazda pozuculuq fəaliyyətlərini, təhlükəsizliyi təhdid etmələrini gizlətməyə çalışıb.
İndi regionda fərqli şərait yaranıb. Çin-Qazaxıstan sərhədindən başlayan Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanacaq, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat Orta Dəhliz marşrut layihəsi ortadadır. Bu kimi qlobal əhəmiyyətli layihələr də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini göstərir. Odur ki, Ermənistan and və vədlərinə əməl etməlidir. Əks halda ötən 30 ildə olduğu kimi bütün regional layihələr yenə onlardan yan keçəcək. Ona görə də Ermənistan və ermənilərin sülhə qarşı çıxmazdan, yaxud şərt irəli sürməzdən əvvəl iki dəfə fikirləşməyə məcbur olacaqları qaçılmazdır. Hələ ki bu görüşlərin nəticəsi Kemp-Devidə oxşamır, ancaq sülh müqaviləsinin imzalanmasından başqa yol da görünmür.
Sədrəddin Soltan – REPORT