Rəsmi Moskva Qərbi Azərbaycana qayıdış üçün hansı məsuliyyəti daşıyır? - FOTO - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, “Ermənilər hansı vədə görə azərbaycanlılara hücum etdi?” adlı süjetdə onların Azərbaycanın tarixi torpaqlarında yerlərini möhkəmləndirib, daim yaşayacaqlarına təminat alandan sonra azərbaycanlıları yurdlarından sıxışdırmağa və çıxarmağa başladığı ön plana çıxarılır.
Bildirilir ki, indiki kimi, onda da havadar rolunu oynayanlar onlara maddi, mənəvi, siyasi, hərbi, hətta, tarixin saxtalaşdırılması üçün yardımlar ediblər.
Analitik süjetdə Qərbi Azərbaycanın və Qarabağın azərbaycanlı sakinlərinin geri qayıtmasının beynəlxalq norma və qaydalar əsasən qanuni olduğu, bu məsələnin 2020-ci il noyabrın 10-da Ermənistanın imzaladığı kapitulyasiya aktında vurğulandığı diqqətə çatdırılır: “Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar”. Ermənistan bu sənədə əsasən, üzərinə götürdüyü öhdəliyə əməl etməlidir. Bu sənədin imzalanmasında Rusiya vasitəçi olub. Ona görə də azərbaycanlıların öz yurdlarına qayıtması üçün maddənin həyata keçməsində Moskva da məsuliyyət daşıyır.
Qeyd olunur ki, indiki Ermənistandan qovulmuş bütün azərbaycanlıların və onların törəmələrinin öz yurdlarına qayıtmaq hüququnun ləyaqətli və təhlükəsiz şəkildə reallaşmasına BMT və beynəlxalq ictimaiyyətin nəzarəti altında şərait yaradılmalıdır: “Öz yurdlarına qayıdandan sonra onların fərdi və kollektiv haqları, təhlükəsizliyi təmin olunmalıdır. Bununla bağlı dünyada təcrübə mövcuddur. İkinci Dünya Müharibəsi zamanı Avropa ölkələri əhalisinin yarısı, o cümlədən yəhudilər, polyaklar müxətlif məzlumiyyətlərə məruz qalaraq, öz evlərindən qovulmuşdu. Müharibə bitəndən sonra onların evlərinə qayıtması təmin olundu. Yəhudilərin və polyakların qaçqın düşmüş övladları, nəvə və ya nəticələri ata-babalarının vətəninə qayıtdı. İndi Cənubi Qafqazda yeni siyasi-coğrafi şəraitə yaranıb. Bu, İkinci Dünya Müharibəsindən sonrakı beynəlxalq təcrübəyə əsasən, azərbaycanlıların da öz yurdlarına qayıtması təmin olunmalıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet mayın 9-da saat 21:00-da Youtube kanalına yerləşdirilib, mayın 10-da saat 19:30-da isə Baku Tv-nin efirində yayımlanacaq.