“Həbib Həsənovun İrəvandan çıxma səbəbi qardaşının qətli idi” – ŞAHİDLƏR - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında “Yüksək vəzifəli məmurun qardaşının ölüm müəmması” adlı süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, verilişdə ermənilərin azərbaycanlı ziyalı Mehdi Həsənovu kor bağırsaq əməliyyatı diaqnozu adı altında sui-qəsd etməsindən, qardaşı dövlət xadimi Həbib Həsənovun İrəvanı bu səbəbdən tərk etməsindən bəhs olunur.
Bildirilir ki, H.Həsənov 1922-ci il avqustun 5-də Qərbi Azərbaycanın Yeni Bəyazid qəzasının Ağzıbir kəndində anadan olub.
O, Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibi, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan SSR-nin Əməkdar jurnalisti olub.
H.Həsənovun qardaşı, filologiya elmləri namizədi, İrəvan Pedaqoji İnstitutunun Filologiya fakültəsinin müəllimi Mehdi Həsənovun erməni şovinistləri tərəfindən öldürülməsindən sonra İrəvanı tərk edərək Bakıda məskunlaşıb və elə Bakıda da dünyasını dəyişib.
Süjetdə şahidlər Həsənovlar ailəsinin bu acı taleyindən faktlarla söhbət açırlar.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş fevralın 10-da saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.