Qərbi Azərbaycan ərazisində tapılan antropoloji qalıqlar kimlərə aiddir? - FOTO - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, buraxılışda tarix elmləri doktoru, professor Nəcəf Müseyibli Qərbi Azərbaycan ərazisində tapılan antropoloji qalıqların kimlərə aid olması, eləcə də arxeologiyanın tarixi saxtalaşdıran iddiaları necə təkzib etməsindən danışıb.
O bildirib ki, azərbaycanlıların ulu əcdadları bu ərazilərdə lap qədimdən yaşayır: “Erməni xalqının formalaşması Azərbaycan torpaqları ilə bağlıdır. Qədim Azərbaycan insanının antropoloji tipi dəyişib. Qafqazda etnik davamlılıq arxeologiyada aydın görünür. Qafqaz Albaniyasının daha qədimdə mövcud olduğu məlum olub”.
Tarixçinin sözlərinə görə, elmi faktlar azərbaycanlıların kənardan gəlməsi iddialarını təkzib edir: “Qəbir abidələri qədim insanların dünyagörüşünü aydın göstərir. Azərbaycan tarixində qədim dövlətçilik ənənələri çox dərindir”.
N.Müseyibli Şimali Azərbaycanda ən qədim dövlətin hansı olması, neolit dövründə Azərbaycan insanının necə yaşaması, həmçinin qədim dövrlərdə qadınların sol, kişilərin sağ yan üstə dəfn edilməsinin sirlərinə aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş fevralın 14-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.














