Nazirlər istefa verdilər – AVSTRİYADA
Avstriya Azadlıq Partiyasının (FPÖ) koalisiyalı hökumətdə təmsil olunan bütün nazirləri istefa verib.
Rakus.az xəbər verir ki, Avstriyanın federal kansleri və Avstriya Xalq Partiyasının (ÖVP) sədri Sebastian Kurts ölkədə yaranmış siyasi böhran səbəbindən koalisiyalı hökumətin işini davam etdirməsi üçün daxili işlər naziri Herbert Kiklin istefasını təklif etmişdi. Kikl bu təklifi rədd etdikdən sonra ikinci respublika dövründə nadir bir yenilik baş verdi – S.Kurts H.Kikli istefaya göndərmək üçün dövlət başçısına müraciət etdi. 1945-ci ildən indiyədək Avstriyada heç bir hökumətdə hansısa nazirin istefası üçün kansler dövlət başçısı qarşısında təkliflə çıxış etməyib.
Avstriya Azadlıq Partiyasının yeni sədri Norbert Hofer gün ərzində belə bir təklif olacağı təqdirdə, onun partiyasından hökumətdə təmsil olunan bütün nazirlərin hamılıqla istefa verəcəklərini açıqlamışdı. S.Kurts daxili işlər nazirinin istefaya göndərilməsi üçün dövlət başçısı Aleksander Van der Bellenə müraciət etdikdən sonra – mayın 20-də axşam saatlarında Avstriya Azadlıq Partiyasının hökumətdə təmsil olunan bütün nazirləri istefa verdiklərini açıqlayıb.
Ümumiyyətlə, FPÖ 2017-ci ilin payızından hakimiyyətdə olan koalisiyalı hökumətdə hazırda dörd nazirlə təmsil olunur. Müdafiə, Daxili İşlər, Əmək, Sosial Məsələlər, Səhiyyə və İstehlakçıların Hüquqlarını Müdafiəsi, eləcə də Nəqliyyat, İnnovasiya və Texnologiya nazirliklərinə bu partiyanın təmsilçiləri rəhbərlik edirdilər. Eyni zamanda, xarici işlər naziri Karin Knaysl da FPÖ təklifi əsasında bitərəf siyasətçi kimi hökumətdə yer alırdı.
Bu ilin payızında Avstriyada keçiriləcək növbədənkənar parlament seçkilərinədək həmin nazirliklərin ekspertlər və ya yüksək səviyyəli məmurlar tərəfindən idarə ediləcəyi gözlənilir.