BNA piyadaları ölümə dartır - VİDEO
Dördüncü mikrorayon dairəsi, Cavadxan küçəsində piyada zolağının yerinin dəyişdirilməsi ciddi problemlərə yol açıb.
Rakus.az xəbər verir ki, sözügedən ərazidə piyada zolağının yeri yolun başqa hissəsinə keçirilib. Lakin köhnə yerdə olan piyada zolağının izləri silinməyib. Nəticədə də həmin istiqamətdə piyada vurulma halları artıb.
Sözügedən ərazidə qəza ilə üzləşənlərdən biri də saytımızın xanım əməkdaşıdır. Belə ki, saytımızın rus dili redaksiyasının əməkdaşı Ayşəndə Tahirzadə ləğv edilmiş piyada zolağından keçərkən onu avtomobil vurub və o, ağır xəsarət alıb.
Mövzu ilə bağlı danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yeri dəyişdirilmiş piyada zolağının izi hələ də qalıbsa və bu səbəbdən qəza baş veribsə, bunun məsuliyyətini aidiyyəti qurumlar daşıyır:
“Əgər fərqli yerdə yeni piyada zolağı çəkilirsə, köhnə piyada zolağı yerdən tamamilə silinməlidir ki, çaşqınlıq yaratmasın. Bunu da Bakı Nəqliyyat Agentliyi etməlidir.
BNA sakinlərin müraciəti əsasında təklif verir, Nazirlər Kabinetinin Yol Təhlükəsizliyi Komissiyası təsdiq edir, Avtomobil Yolları Dövlət Agentliyi isə icra edir.
Lakin bu zaman köhnə zolaq yerdən tamamilə silinməlidir. Əks halda vətəndaşlarda da, sürücülərdə də çaşqınlıq yaranacaq”.
E.Muradlı bildirib ki, bu səbəbdən hansısa bədbəxt hadisə baş verdiyi zaman məsuliyyət aidiyyəti qurumun üzərinə düşür:
“Belə məqamlarda baş verən qəzalarda nə sürücünü, nə də piyadanı günahlandırmaq olur. Zolağın yerini kim dəyişbsə, köhnə piyada zolağının da izlərinin tamam silinməsinə o qurum nəzarət etməlidir”.
Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mövqe bildirməkdən imtina etdi. (BUTA.WS)