Qadınlar narkotoki daxili orqanlarında gətirirdi - FOTO
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn həmin ölkə vətəndaşları – Shirmohammadi Kargar Nasrin Saleh qızı və Shirmohammadi Kargar Manizeh Saleh qızı Astara gömrük postunda saxlanılıb və onlara məxsus əl yükünə baxış keçirilib.
Rakus.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu zaman onlara məxsus əl çantasındakı geyim əşyalarının arasında sellofona bükülü 1 ədəd bağlama aşkar edilib. Daha sonra hər iki şəxsin daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Nəticədə hər iki xanım vətəndaşın daxili orqanlarından daha 3 ədəd bağlama aşkarlanıb. Ümumilikdə 4 ədəd bağlamada, çəkisi 254 qram olan ağ, kristal şəkilli psixotrop maddə-metamfetamin olduğu məlum edilib.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.