Sabiq deputatın oğlu məhkəmə qarşısındadır
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Rakus.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə E.Məmmədovun keçmiş iş yoldaşı Nail Seyfullayev ifadə verib.
“Risk” şirkətində anbardar işlədiyini deyən şahid qeyd edib ki, digər işçilər kimi Elvinin də imzası ilə anbardan mal çıxarılıb, amma malın haraya, kimə, neçəyə satılmasından xəbəri yoxdur.
Şahid N.Seyfullayev E.Məmmədovu yaxşı işçi kimi tanıdığını bildirib.
Məhkəmədə şirkətin digər əməkdaşı Samir Aşımov və Tofiq Məmmədov da oxşar ifadə veriblər.
Şahidlərin ifadələrindən məlum olub ki, “yox” olan mallar, əsasən, Dövlət İmtahan Mərkəzinə (DİM) göndərilən mallara görə yaranıb. Belə ki, Mərkəzə göndərilən kompüter avadanlığının pulu şirkətə ödənilməyib.
Şirkət iddia edir ki, DİM-ə göndərmək adı ilə çıxarılan mallar başqa şəxslərə satılıb. Bu məsələ ilə bağlı qalmaqal başlayan zaman Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də xəbər tutub. Şirkət rəhbərliyi ilə M.Abbaszadə arasında da telefon danışığı olub. Məlum olub ki, kompüter avadanlığı DİM-ə yox, başqa bir quruma göndərilib.
E.Məmmədov da bunu etiraf etsə də, bildirib ki, bunu hansısa vəsaiti ələ keçirmək niyyəti ilə etməyib.
Proses iyulun 2-də davam edəcək.
Xatırladaq ki, E.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham edilir. O, sabiq deputat Dünyamalı Məmmədovun oğludur. D.Məmmədov 1995-ci ildə 96 saylı Cəlilabad Seçki Dairəsindən deputat seçilib.