İflic olan Seymurun anası Prezidentə müraciət etdi - VİDEO
Bir müddət əvvəl Masallı Rayon Mərkəzi Xəstəxanasında aparılan yanlış əməliyyat nəticəsində iflic olan Seymur Əlizadə haqqında məlumat vermişdik.
Hadisənin üstündən xeyli vaxt keçməsinə baxmayaraq, xəstənin vəziyyətində heç bir dəyişiklik yoxdur. Çünki əməliyyat edən cərrah Fəxrəddin Nəzərli nə xəstənin vəziyyətinin normallaşmasına yardım edir, nə də telefonlara cavab verir. Çıxılmaz vəziyyətdə qalan xəstənin anası Sahibə Əliyeva da övladının sağalmasına hələ də ümidini üzməyib.
Gələn ay ata olacaq Seymur Əlizadə isə uşağının səsini eşitmək, onunla oynamaq istəyir.
Xatırladaq ki, əməkdaşlarımızın mövzu ilə bağlı hazırladıqları süjet sosial şəbəkələrdə də diqqət çəkib və paylaşılıb.
Belə ki, Xalq artisti Brilliant Dadaşova “Instagram” hesabında foto paylaşaraq həkimlərdən şikayətlənib və Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Bu müraciətə qoşulan xəstənin anası Sahibə Əliyeva Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan kömək istəyib.