Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı rüşvət aldığı üçün işdən çıxarılıb.
Rakus.az xəbər verir ki, bu barədə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun “Liebherr-Azeri LLC” MMC-nin ünvanına Almaniyadan daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən olunub. O da məlum olub ki, N.Əsədov şirkət nümayəndəsinə tələb etdiyi qeyri-qanuni vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırıb.
Həmin faktla bağlı N.Əsədov tutduğu vəzifədən azad edilib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.