BANM-da “Cisco” Akademiyası açılacaq - FOTO
Bakı Ali Neft Məktəbində (BANM) “Cisco” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşün əsas məqsədi şirkətin Ali Məktəblə birgə effektiv əməkdaşlığının qurulması və perspektivlərinin müzakirəsi olub.
Rakus.az xəbər verir ki, görüşdə “Cisco” şirkətinin Azərbaycan üzrə meneceri İbrahim Səidov, şirkətin ölkə üzrə İnnovasiya üzrə direktoru Ramil Eyyubov, şirkətin əsas partnyorlarından olan “AzNEXT”in baş direktoru Səməd Abbasov və şəbəkələr üzrə mütəxəssisi Emin Seyidov, BANM-in Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasının müdiri Nailə Allahverdiyeva və kafedranın professor-müəllim heyəti iştirak edib.
Qonaqları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən BANM-in rektoru Elmar Qasımov ölkədə fəaliyyət göstərən bir çox yerli və beynəlxalq şirkətlərlə olduqca effektiv əməkdaşlıq qurulduğunu bildirib.
Rektor “Cisco” kimi nüfuzlu şirkət ilə əməkdaşlığı strateji maraq hesab edib. O, gələcəkdə BANM-də Cisco Şəbəkə Akademiyasının və təlim mərkəzinin açılmasının proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin yüksək səviyyəli mütəxəssis kimi yetişməsində əvəzsiz rol oynayacağını şirkət nümayəndələrinin diqqətinə çatdırıb.
“Cisco” şirkətinin Azərbaycanda İnnovasiya üzrə direktoru Ramil Eyyubov bildirib ki, şirkətin əsas istiqamətlərindən biri təhsil sahəsidir və şirkətin nümayəndələri ölkədə fəaliyyət göstərən BANM kimi nüfuzlu tədris müəssisəsi ilə əməkdaşlıq qurmağa maraqlıdır.
O bildirib ki, gələcəkdə BANM-lə qurulmuş əməkdaşlıq nəticəsində şirkətin əməkdaşları proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan tələbələri avtomatika sahəsində peşəkar təlimçi kimi yetişdirə bilər.
Görüşdə, həmçinin gənclərin innovasiya sahəsindəki startap ideyalarının dəstəklənməsi, zəruri laboratoriyaların qurulması, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik kimi məsələlər də müzakirə olunub.
Görüşün sonunda qonaqlarla xatirə fotosu çəkilib, daha sonra şirkət nümayəndələri Ali Məktəbin kampusu və yaradılmış şəraitlə yaxından tanış olublar.
Şəbəkə texnologiyaları üzrə qlobal brendlərdən sayılan “Cisco” şirkəti 1984-cü ildən fəaliyyət göstərir. Şirkətin dəstəyi ilə yaradılmış Cisco Akademiyalarında İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir.