Ət və ət məhsulları məhv edilib – 46187.5 kq
Ölkə üzrə ümumilikdə, 46187.5 kq ət və ət məhsulları məhv edilib.
Rakus.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliynin sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunan tədbirdə deyib.
Q.Təhməzli bildirib ki, baytarlıq nəzarəti tədbirləri nəticəsində, baytarlıq müfəttişləri tərəfindən müvafiq nöqsanların aradan qaldırılması ilə bağlı ölkə üzrə ümumilikdə, 46187.5 kq ət və ət məhsulları məhv edilib, idxal edilmiş 58200 kq məhsul isə ixracatçı ölkəyə geriyə qaytarılıb.
Agentlik tərəfindən Daxili İşlər Nazirliyi əməkdaşlarının köməyilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində mikrobioloji və orqanoleptik cəhətdən qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verməyən 5947 kq ət aşkar olunub.
Agentliyin fəaliyyət göstərdiyi dövrdə 112 sahibkardan 893 baytarlıq preparatının qeydiyyata alınması üçün 264 müraciət daxil olub. Müraciətlər üzrə 243 baytarlıq preparatının, 42 yem və 51 yem əlavəsinin sınaq təcrübələri başa çataraq qeydiyyata götürülüb, 545 məhsulun sınaq prosesi hazırda davam etdirilməkdədir, 12 adda baytarlıq preparatının qeydiyyatı isə dayandırılıb.
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyası və regional sınaq laboratoriyalarında patoloji material nümunələrinin ekspertizası həyata keçirilib və aparılmış təhlillər nəticəsində 4218 (4%) halda infeksion və invazion xəstəliklər aşkar edilib. Laboratoriya müayinələrinin nəticələrinə görə 1958 halda invazion xəstəliklər, 1562 halda brusellyoz, 225 halda xlamidioz, 287 halda pasterellyoz və 67 halda quduzluq xəstəlikləri aşkarlanıb.