Ən yüksək işsizlik Ermənistandadır
Ermənistan parlamentinin deputatı Mikael Melkumyan qanunverici orqanda “Ermənistan Respublikası hökumətinin proqramının yerinə yetirilməsi vəziyyəti haqqında” hesabatın müzakirəsi zamanı deyib: “Məxməri inqilabdan” bir il sonra ölkədə hansı dəyişikliklərin baş verməsinə diqqət yetirmək lazımdır. Regionda ən yüksək 18 faizlik işsizlik səviyyəsi Ermənistandadır, halbuki Gürcüstanda bu göstərici 12,7 faiz, Azərbaycanda 5 faiz, Türkiyədə 13,5 faiz, Rusiyada 4,9 faiz, Qazaxıstanda 4,8 faiz, Moldovada isə 2,9 faizdir”.
Rakus.az xəbər verir ki, deputat Ermənistanın yoxsulluq səviyyəsinə görə də regionda ilk yeri tutduğunu diqqətə çatdırıb. “Yoxsulluğun yüksək səviyyəsinə görə Ermənistan 29,4 faizlə regionunun lideridir. Bu göstərici Gürcüstanda 21 faiz, Azərbaycanda 5 faiz, Türkiyədə 1,6 faiz, Rusiyada 13,6 faizdir. Ötən il Ermənistanda xarici sərmayələrin həcmi 246 milyon dollar olub ki, bu rəqəm Gürcüstan (1,8 milyard dollar), Azərbaycan (2,9 milyard dollar), Türkiyə (10 milyard dollar) və Rusiyadan (25 milyard dollar) xeyli azdır”, -deyə Melkumyan statistik göstəriciləri təqdim edib. O, xarici borcların da iqtisadiyyata müsbət təsiri olmayacağını qeyd edib.
Erməni deputat vurğulayıb ki, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün təkcə xoş niyyət yetərli deyil. İqtisadi islahatların həyata keçirilməsinə böyük maliyyə vəsaitləri tələb olunur. “Əgər hakimiyyətin yuxarı dairələrində xoş niyyət varsa, bu o demək deyil ki, aşağılarda işin səmərəliliyi artıb. Dövlət strukturlarının aşağı və orta təbəqələrində dövlətçiliyə münasibət dəyişməyib. İndi də vəsaitlərin mənimsənilməsi və dağıdılması prosesi davam edir”, -deyə Melkumyan sözlərinə yekun vurub. (AZƏRTAC)