Polis əməkdaşına çoxsaylı zərbələr endirilib – RƏSMİ
Ötən gün Goranboyada baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Rakus.az xəbər verir ki, iyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb səbəbini müəyyənləşdirmək məqsədi ilə onlara yaxınlaşmışdır. Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranmış və onlardan biri – Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxmışdır. Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəymişdir. Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirmişdir.
Xəsarət almış polis əməkdaşı və vətəndaş T.Əmrahov Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirmişlər.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmış, polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
İş üzrə zəruri ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məsul əməkdaşları Goranboy rayonuna ezam olunmuşlar.
Cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmış və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.