YZ-da milli matəm mərasimi keçirildi
Martın 29-da Yeni Zelandiyada təqribən 20 min nəfər iki həftə əvvəl törədilmiş kütləvi qırğın nəticəsində həlak olanların xatirəsini anmaq üçün milli matəm mərasiminə toplaşıb.
Rakus.az xəbər verir ki, dövlət tərəfindən maliyyələşdirilən mərasim faciənin baş verdiyi məscidlərdən birinin yaxınlığındakı parkda keçirilib. Mərasimdə Yeni Zelandiyanın Baş naziri Casinda Ardern, faciə nəticəsində həlak olanların ailə üzvləri, yerli sakinlər və təqribən 60 ölkənin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, martın 15-də Kraystçörç şəhərindəki iki məsciddə törədilən terror aktı nəticəsində 50 nəfər həlak olub, 50 nəfər xəsarət alıb.
Faciə nəticəsində həyat yoldaşını itirən Fərid Əhməd çıxış edərək bildirib ki, onun üçün bütün insanlar dinindən və məxsus olduqları mədəniyyətdən asılı olmayaraq bir ailənin üzvləridir.
Mərasim iştirakçıları həlak olanların adlarını ayaq üstə dinləyiblər.
Sonra çıxış edən Baş nazir Casinda Ardern deyib: “Biz heç zaman nifrət və qorxu virusundan sığortalanmamışıq. Lakin biz bunun dərmanını tapan millət ola bilərik. Bunun cavabı bizim necə insan olmağımızdan asılıdır”.
Mərasim televiziya vasitəsilə canlı nümayiş olunub.
Yeni Zelandiya müsəlmanları ilə həmrəylik nümayiş etdirmək üçün bütün ölkə ərazisində matəm mərasimləri təşkil edilib. (AZƏRTAC)