Bunları bilirsinizmi?
Rakus.az 2019-cu il sentyabrın 1-dən etibarən yeni rubrika ilə oxucuların görüşünə gəlir. “Bunları bilirsinizmi?” başlıqlı xəbərlərdə insan sağlamlığı ilə bağlı araşdırmalar, tibbi sektora aid yeniliklər, eləcə də bir çox xəstəliklərin xüsusiyəti, müalicəsi üçün tövsiyələr, məsləhətlər, həmçinin tətbiq olunan metod və üsullar barədə dolğun məlumat verməkdir. İnformasiyalar yerli və xarici mətbuatdan, səhiyyə üzrə ekspert və mütəxəssislərdən əldə olunur.
Süni böyrək aparatı: Dializ
Böyrəklər kiçik orqan olmasına baxmayaraq, orqanizmdə böyük funksiyalar yerinə yetirir. Böyrəklərin orqanizmdə ən əsas funksiyası qanı süzmək, sidiyin əmələ gəlməsini yaratmaq, vücuddan zərərli maddələri təmizləməkdir. Böyrəklər qanımızı 1 dəqiqədə təxminən 1 litr olmaqla öz “süzgəcindən” keçirərək, tərkibində olan parçalanma məhsullarını, toksinləri, şlakları, öldürülmüş və ya tam öldürülməmiş mikrobları təmizləyir. Ona görə də böyrəklərə orqanizmin filtri deyilir. Lakin bəzən böyrəklərin funksiyası pozulur və qanı yaxşı təmizləyə bilmir. Nəticədə orqanizmdə ziyanlı maddələrin konsentrasiyası təhlükəli səviyyəyə qalxır. Bu vəziyyət böyrək çatışmazlığı adlanır. Böyrək çatışmazlığı zamanı ən geniş istifadə olunan müalicə üsullarından biri dializdir (buna hemodializ də deyilir).
Dializ böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan artıq maddələrin, azot qalıqlarının və mayenin xaric edilməsi üsuludur. Bu üsul böyrəklərin xroniki xəstəliyi zamanı aparılır. Böyrəklərin xroniki xəstəlikləri irsi xəstəliklər, şəkərli diabet, hipertoniya, uroloji patologiyalar, maddələr mübadiləsinin pozulmasından sonra baş verir. Hemodializ xroniki böyrək xəstələri üçün müalicə deyil, yaşam tərzidir.
Dializ aparmaq üçün qan damarlarına sərbəst giriş təmin olunmalıdır. Bu məqsədlə kateterdən istifadə olunur. Dializ zamanı qan dializ aparatının (dializator) köməyi ilə yarımkeçirici membran vasitəsi ilə təmizlənir. Cihaz cərrah tərəfindən damar yoluna xüsusi iynə vasitəsilə punksiya edilərək, qan dövranına birləşdirilir. Boru sistemi ilə qan təmizlənmək üçün dializ aparatına daxil olur. Bu zaman xəstənin qanının müəyyən hissəsi (200-300 ml) bədəndən xaricdə olur, zərərli maddələrdən təmizlənir, fasiləsiz olaraq dövr edir və sonda damarlara qayıdır.
Dializ proqramı həftədə 3 dəfə, hər dəfə 3-4 saat davam edir. Bu proqram periodik hemodializ sayılır. Xəstə düzgün göstərişlə hemodializə seçilirsə, illərlə müalicə ala bilir. Hətta həkimin dediyi məsləhətlərə və tövsiyə edilən rejimə diqqətlə əməl olunsa, uzun illər əmək qabiliyyətini saxlamaq da mümkündür. Xəstə istəsə, 3-6 ay dializ müalicəsindən sonra böyrək transplantasiyası etdirə bilər.
Dializ xəstələrinin əksəriyyəti bu qaydalara əməl etməlidir:
– Qida rasionunda kalium, fosfatlar, duzla zəngin qidalar məhdudlaşdırılmalıdır
– Pəhriz fərdi qaydada dietoloq tərəfindən tərtib edilməlidir
– Zülalın qəbul miqdarı xəstənin yaşam keyfiyyətini və əhvalını təmin etməlidir
– Gün ərzində qəbul edilən suyun miqdarı məhdudlaşdırılmalıdır (dializlərarası dövrdə ödəmlər, arterial hipertenziya, təngnəfəslik, bəzən boğulma, narahatlıq və s. halların baş verməməsi üçün)
– Dializlərarası dövrdə çəkiyə nəzarət edilməlidir (bədənin çəkisi ümumi çəkinin 2-3%-i qədər arta bilər)