Yaponiya və ABŞ razılığa gəldi
Yaponiyanın və ABŞ-ın yüksək səviyyəli nümayəndələri ABŞ-Cənubi Koreya sammiti ərəfəsində Şimali Koreyanın nüvə silahının ləğv edilməsi ilə əlaqədar sıx əməkdaşlıq barədə razılığa gəliblər.
Rakus.az xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya ölkələri üzrə departamentinin rəhbəri Kenzi Kanasuqi və ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqen arasında telefon danışığı olub.
S.Biqen Yaponiya tərəfini ABŞ-Cənubi Koreya sammitinə hazırlığın gedişi barədə məlumatlandırıb. Şimali Koreya barəsində fikir mübadiləsi aparan tərəflər bu ölkə ilə bağlı siyasətlərinin sıx əlaqələndirilməsi barədə razılıq əldə ediblər.
Bundan bir gün əvvəl K.Kanasuqi Cənubi Koreyanın yarımadada sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Li Do Xun ilə müzakirələr aparıb. Daha əvvəl isə ABŞ-ın dövlət katibi və Cənubi Koreyanın xarici işlər naziri Vaşinqtonda görüşüblər.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp cənubi koreyalı həmkarı Mun Çje İn ilə aprelin 11-də Vaşinqtonda görüşəcək. (Azərtac)