Bunları bilirsinizmi?
Buzla terapiya son illər tətbiq olunan arıqlamaq üsulları sırasında daxil olub.
Rakus.az xəbər verir ki, buz vasitəsilə qarın, bud bölgəsində toplanan yağların əridilməsi ilə bağlı xeyli ziddiyyətli fikir var. İnsanlar, xüsusən də qadınlar artıq çəkidən xilas olmaq üçün uzun müddət dieta saxlamaq, gündə bir neçə saat idmanla məşğul olmaqdansa, asan yolla istədikləri nəticəyə nail olmaq istəyir və buzla terapiyaya müraciət edirlər. Bir çox ölkədə buz vasitəsilə yağların əridilməsinə fərqli münasibət var. Mütəxəssislər də bu mövzuda fərqli düşüncədədirlər.
Elmi əsaslandırmaya görə, insan orqanizmində ağ və qəhvəyi rəngli yağlar toplanır. Ağ yağ təbəqəsi orqanizmi sanki incə bir təbəqə ilə kənar mühitdən izolyasiya edir, soyuqdan qoruyur. Qəhvəyi yağlar isə soyuq olanda parçalanmağa başlayır və bu zaman ayrılan enerji ilə bədəni isidir. Həkimlər yağların bu xüsusiyyətinə əsaslanaraq, bədənin bəzi hissələrini buzla soyudub parçalamağa çalışırlar. Belə ki, böyük miqdarda buz hazırlanır və torbalara qoyulur. Sonra bu buz qarın və ya vücudun istədiyiniz hissəsində ən azı yarım saatdan 1 saata qədər gəzdirilir. Bu proses 12 gün ərzində gündə 1 saat aparılmalıdır. Bu zaman daha gec əriyən ağ yağ təbəqəsi də qəhvəyi yağa çevrilir və parçalanır, 3 gün keçəndən sonra artıq bu yağlar hiss ediləcək dərəcədə yox olmağa başlayır. Bununla yanaşı, heç bir mütəxəssis orqanizmdə başqa fəsadların olmayacağına tam təminat vermir.
Bu proses Azərbaycanda da geniş tətbiq olunur. Həkim-kosmetoloq Kəmalə Bəşirova deyir ki, artıq xeyli vaxtdır, buz vasitəsilə yağları əridə bilirlər: “Yağların əridilməsində isti ilə bərabər soyuqdan – buzdan istifadə edirik. Ancaq buzla terapiya ən son istifadə edilən metoddur. Bunun vasitəsilə piy toxumaları dondurulur və parçalanır. Sonra isə drenaj vasitəsilə bədəndən çıxarılır”.
Həkim-kosmetoloqun sözlərinə görə, bəzi insanlar elə hesab edir ki, yalnız buz vasitəsilə artıq çəkidən xilas olacaqlar: “Mütləq dieta qaydalarına da əməl olunmalıdır. Terapiyaya gələn insanlar paralel olaraq, yeyib-içdiyinə diqqət etməlidirlər. Elə buzu qoydurub, sonra da gedib istədiyini yeməklə nəticə əldə etmək olmaz”.
K.Bəşirova onu da vurğulayır ki, yağların soyuqdan əridilməsi istidən əridilməsindən daha effektlidir: “Buzla terapiya zamanı zülallar deqradasiyaya uğramır, sadəcə, yağ hüceyrələri parçalanır”.
Bəs fəsadlar nədən ibarət ola bilər? Terapevt Mübariz Bilalov bu prosesin qarın və bel hissəsinə tətbiq edilməsinin qəti əleyhinədir. Həkim deyir ki, qarın boşluğunda yarım saatdan çox saxlanılan buz bağırsaqların soyuqlamasına gətirib çıxarır: “Bundan başqa, qaraciyərin soyuqlaması ehtimalı çox yüksəkdir. Bu, öd kisəsində daş olanlar üçün daha təhlükəlidir, kəskin sancılara gətirib çıxara bilər. Bel nahiyəsinə qoyulduqda isə sinirlər soyuqlayır ki, bunun fəsadları daha çox olur. Yan əzələlərinə (sağrı əzələsi), bud nahiyəsinə isə bunu tətbiq etmək olar. Orada sinirlər dərindədir, soyuqlamaq ehtimalı azdır”.
M. Bilalov onu da qeyd edir ki, buzla yağları əritmək istəyənlər daxili orqanlarının tam sağlam olmasından əmin olmalıdırlar. Həkimin sözlərinə görə, buz terapiyasından qadınların ən çox cinsi orqanları, kişilərin isə əsasən prostat vəziləri və sidik kisəsi zərər görür. (e-tibb.az)