BMT-nin baş katibi Xəlifə Haftarla görüşmək üçün Benqaziyə gəlib
BMT-nin Baş katibi Antoniu Quterriş Liviya Milli Ordusunun komandanı feldmarşal Xəlifə Haftarla görüşmək üçün Benqazi şəhərinə gəlib.
Rakus.az Sky News Arabia telekanalına istinadla xəbər verir ki, tərəflər ordunun Tripoli şəhərinə hücumu fonunda ölkədə yaranan vəziyyəti müzakirə edəcəklər.
“Məqsədim hərbi qarşıdurmanın qarşısını almaqdır. Təkrar edirəm ki, Liviya böhranının hərbi həll yolu yoxdur və o, yalnız siyasi yolla həll olunmalıdır”, – Quterriş özünün “Twitter” səhifəsində belə yazıb.
Aprelin 4-də Xəlifə Haftar ölkənin əsas şəhərinin 48 saat ərzində silahlı qruplaşmalardan azad olunması üzrə hərbi əməliyyatın başladığını elan edib. KİV-lərdə yayılan bəzi məlumatlara görə, hazırda Xəlifə Haftarın tərəfdarları paytaxtın cənub-şərq hissəsində bir neçə rayonun nəzarətini ələ keçirib. Paytaxta nəzarət edən və beynəlxalq ictimaiyyət tərəfindən tanınan Milli Həmrəylik Hökumətinin rəhbəri Faiz Sarac özünə tabe olan bütün hərbi birləşmələri tam döyüş hazırlığı səviyyəsinə gətirməyi əmr edib.
Bu gün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 23:00) Böyük Britaniyanın sorğusuna əsasən BMT Təhlükəsizlik Şurası Liviyada yaranan vəziyyətlə bağlı təcili iclas keçirəcək.
2011-ci ildə Müəmmar Qəddafinin silahlı münaqişə nəticəsində devrilməsi və qətlindən sonra Liviya gərgin siyasi böhran dövrünü yaşayır. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə – Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə – paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir.
Ölkənin şərq hissəsinin hakimiyyət orqanları Tripoliyə tabe olmur və Liviya Milli Ordusunun komandanı Haftarla əməkdaşlıq edir.