İstanbul hava limanına köç reallaşdırılır
“Türk Hava Yolları” dünyanın ən böyük hava limanı layihəsi olan İstanbul hava limanına köçməyə başlayıb. Köçün ilk mərhələsi ötən ilin oktyabrında başlayıb və bu gün saat 03:00-dan etibarən isə köçün əsas mərhələsi həyata keçirilir.
Rakus.az xəbər verir ki, Aviaşirkətdən bildirilib ki, nəhəng köçürmənin son 6 saatı ərzində köçün 38 faizi uğurla başa çatıb.
Aviasiya tarixində unikal hadisə olan bu köçürülmə əməliyyatının ümumilikdə 45 saat davam edəcəyi və aprelin 6-sı saat 23:59-da başa çatacağı bildirilir. Köçürülmənin son prosesi aprelin 6-sı saat 14:00-da İstanbul hava limanında başlayacaq.
“Böyük köç” zamanı ilk reys İstanbul hava limanı ilə Ankaranın Esenboğa hava limanı arasında yerinə yetiriləcək. “Türk Hava Yolları”nın İstanbul hava limanından olan növbəti uçuşları plana uyğun olaraq tədricən artırılacaq. Atatürk hava limanından reallaşdırılacaq sonuncu sərnişin reysi İstanbuldan Sinqapura həyata keçiriləcək.
Əməliyyatın planlı şəkildə həyata keçirilməsi üçün Atatürk və İstanbul hava limanları aprelin 6-sı 02:00-14:00 saatlarında bütün sərnişin reysləri üçün bağlanacaq. Bu reyslər şəhərin Sabiha Gökçen hava limanına istiqamətləndiriləcək.