Əl qumbarası aşkarlandı - FOTO
Tərtərdə 1 ədəd F-1 əl qumbarası aşkar olunub.
Rakus.az xəbər verir ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, aprelin 5-i saat 21:14-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Hüsənli kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 05 aprel 2019-cu il tarixlərində 76 siqnal (əməliyyat çağırışı) əsasında 68 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran, Naftalan şəhərləri ərazisində 6 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1,341 ədəd partlamamış hərbi sursat (PHS), 1,115 ədəd müxtəlif çaplı patron, 8 ədəd piyada əleyhinə mina, 4 ədəd tank əleyhinə mina və 20 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 109,495 kv.m ərazi yerüstü və 7,472 kv.m ərazi yeraltı yoxlanılıb.