Moskva Qahirənin səylərini dəstəkləyir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Misirə səfəri ərəfəsində bu ölkənin “Əl-Əhram” qəzetinə verdiyi müsahibəsində bildirib ki, Misirdə aparılacaq danışıqlar zamanı mühüm potensiala malik olan ticari-iqtisadi əlaqələrin perspektivləri nəzərdən keçiriləcək, mədəni-humanitar mübadilənin intensivləşdirilməsi, ikitərəfli münasibətlər və beynəlxalq gündəliyə aid məsələlər müzakirə olunacaq.
Rakus.az xəbər verir ki, Rusiya XİN rəhbəri Moskva ilə Qahirə arasında xarici siyasi münasibətlərin ciddi koordinasiyası bütün Yaxın Şərq məkanında mühüm sabitləşdirici rol oynayır. S.Lavrov deyib: “Bizim ortaq fikrimiz belədir ki, regionda mövcud olan böhranlı vəziyyətlər beynəlxalq hüquq normalarına ciddi riayət olunmaqla siyasi-diplomatik vasitələrlə nizamlanmalıdır”. Onun sözlərinə görə, Suriya, Livan və Yəməndə, həmçinin Fələstin ərazilərində vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılması planlaşdırılır. Regionda münaqişə potensialının səviyyəsinin azaldılması yolları, o cümlədən Yaxın Şərqdə kütləvi qırğın silahından azad zona yaradılmasının perspektivləri müzakirə olunacaq.
Rusiyanın xarici siyasət idarəsinin rəhbəri onu da vurğulayıb ki, tamformatlı aviasiya rabitəsinin bərpa edilməsi probleminə də toxunulacaq, çünki rusiyalıların Qırmızı dəniz kurortlarına tezliklə qayıtmaları üçün onların təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi zəruri şərtdir.
Rusiyalı nazir bildirib ki, terrorizmə və ekstremizə qarşı mübarizə mövzusu danışıqlarda mühüm yer tutacaq. O vurğulayıb ki, Moskva Qahirənin antiterror istiqamətli, o cümlədən Sinay yarımadasında vəziyyətin normallaşdırılması ilə bağlı səylərini bütünlüklə dəstəkləyir.
Rusiya XİN başçısı Sergey Lavrov deyib: “Biz əminik ki, yarımadada fəaliyyət göstərən, öz təsir dairəsini ölkənin digər rayonlarına da genişləndirməyə, Misir cəmiyyətini parçalamağa cəhd göstərən ekstremist və terrorçu qruplaşmaların neytrallaşdırılması həm misirlilərin özlərinin, həm də Yaxın Şərqdəki bütün ölkələrin mənafelərinə uyğundur. Bu halda biz onu əsas götürürük ki, terrorizmin kökünü yalnız beynəlxalq hüquq əsasında bütün dünya birliyinin səylərini birləşdirmək yolu ilə kəsmək mümkündür. BMT-nin himayəsi altında geniş antiterror koalisiyası yaradılması barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin məşhur təşəbbüsü bu məsələnin həllinə yönəlib”.