“Taliban”a təslim oldu – 32 nəfər
Əfqanıstanın şimal-qərbində yerləşən Badgis əyalətində təhlükəsizlik xidmətinin azı 32 əməkdaşı “Taliban” hərəkatına təslim olub.
Rakus.az xəbər verir ki, insident taliblərin aprelin 3-də hücum əməliyyatlarına başladığı Bala Murqab rayonunda baş verib.
“Tolo News” telekanalının məlumatına görə, bu rayonda üç gündür davam edən döyüşlər nəticəsində Əfqanıstan ordusunun azı 26 hərbçisi həlak olub. Hökumət qüvvələri NATO-nun “Qətiyyətli dəstək” missiyasının köməyi ilə silahlıların mövqelərinə hava zərbələri endirir.
Xatırladaq ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.