Ötən gün ağır yol-nəqliyyat hadisələri oldu
Daxili İşlər Nazirliyi ötən gün baş verən ağır yol-nəqliyyat hadisələri ilə bağlı məlumat yayıb.
Rakus.az xəbər verir ki, noyabrın 22-də saat 21 radələrində Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisində Xocavənd rayon sakini Rac Zeynalov idarə etdiyi “VAZ-2101” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.
Nəticədə sürücü və sərnişinlərindən Qaynaq kənd sakini Mahrux Məmmədova hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.
Oxşar hadisə həmin gün saat 13 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində də baş verib.
Masallı rayon sakini Xəzər Yusifli idarə etdiyi “MAN” markalı yük avtomobilini körpüdən dəmir yolu xətinin üzərinə aşırıb. Nəticədə sürücü və sərnişini Əzim Məmmədov hadisə yerində ölüblər.
Noyabrın 22-də saat 3 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Culfa rayon sakini Yavər Kələntərov idarə etdiyi “DAF” markalı avtomobili aşırmış və sonradan qoşqusundakı yanacaq çənində yanğın baş verib.
Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Sumqayıt şəhəri ərazisində Zaqatala rayon sakini Ş.Abramov idarə etdiyi “Mercedes-Benz V 220” markalı avtomobili yolun üzərində aşmış vəziyyətdə olan “Shacman” markalı avtomobilə vurub.
Nəticədə onun sərnişinlərindən 30-35 yaşlı qadın hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdiriliib.
Bundan başqa, Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini M.Abdullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Aybəniz Əlimirzəyevanı vurub.
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Beyləqan rayonunun Aşıqlı kəndi ərazisində rayon sakini M.Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən Mayak qəsəbə sakini Oruc Zeynalovu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Daha bir qəza Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında baş verib.
Qalakənd kənd sakini Şahin Vəliyev idarə etdiyi “ZİL-131” markalı avtomobili çaya aşırıb.
Nəticədə Ş.Vəliyev və sərnişini, oğlu Etibar hadisə yerində ölüblər.