Balıqçı və ovçu saxlanıldı – ƏMƏLİYYAT
Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu tədbir zamanı kustar üsulla, yəni gərginlik artıran cihazla qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
Rakus.az xəbər verir ki, İdarədən verilən məlumata görə, ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyat nəticəsində Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Polis bölməsinin əməkdaşları tərəfindən Şəmkir rayonu Kür çayı əraisində gərginlik artıran cihazdan istifadə edərək qanunsuz balıq ovu ilə məşğul olan Eldəniz Bəhram oğlu Nəbiyev hadisə yerində yaxalanıb.
Yoxlama zamanı ondan gərginlik artıran cihaz və bir ədəd rezin qayıq götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.
E.Nəbiyev tutduğu əməldən peşiman olduğunu bildirib. Onunla aparılan profilaktiki söhbətlər zamanı balıq ovu ilə məşğul olmağın qanuni yolları izah edilib.
Su Nəqliyyatında Polis İdarəsinin apardığı növbəti əməliyyat zamanı Lənkəran ərazisində qırmızı kitaba düşmüş ördək quşlarının ovlanması ilə məşğul olan Masallı rayonunun Öncəqala kənd sakini Nizami Şirəliyev saxlanılıb. Sənədi olmadan qanunsuz şəkildə ovçuluqla məşğul olan N.Şirəliyev Lənkəran Su Polis Şöbəsinin əməkdaşlarının xidməti ərazilərində olan Qızılağac Dövlət Qoruq ərazisində ələ keçib.
Saxlanılan şəxs qırmızı kitaba düşmüş quşları qanunsuz silahla ovladığını etiraf edərək bir daha bunu təkrarlamayacağını bildirib.
Reydlər davamlı olaraq həyata keçiriləcək.