Bunları bilirsinizmi?
Uşaq bağçalarına gedən, məktəbdə oxuyan azyaşlılar digərləri ilə müqayisədə daha tez-tez yuxarı tənəffüs yollarının infeksiyalarına yoluxurlar.
Rakus.az xəbər verir ki, mütəxəssislər bu halları minimuma endirmək, qarşısını almaq üçün bir sıra tövsiyələr verirlər.
Yuxarı tənəffüs yolları infeksiyaları hava-damcı, təmas vasitəsilə yayılır. Virusların yayılmasının qarşısını almaq üçün valideynlər uşaqlarına hər şeydən əvvəl əlləri yumaq vərdişi aşılamalıdır.
Əllər məktəbə, bağçaya gedəndə və oradan çıxanda yuyulmalıdır. Bu, yeməkdən əvvəl və sonra, ayaqyoluna gedəndən əvvəl və sonra, heyvanlarla təmasdan, oyun oynayandan, zibil qutuları ilə təmasdan sonra mütləq təkrarlanmalıdır.
Nəzərə almaq lazımdır ki, bağçalar və məktəblərdə qapıların dəstəyi, tualetlər, yazı lövhəsi, bufetlərdə yemək masaları, kompüter klaviaturaları, oyuncaqlar ən çox infeksiya mənbəyidir.
Uşaqların əllərini nəm salfetlərlə silmək tövsiyə olunmur. Nəm salfetlə əllərin silinməsi əl gigiyenasını qorumur, hətta infeksiyanın bir əldən digərinə keçməsinə şərait yaradır. Nəm salfet sadəcə, kiri təmizləyə bilir, hər hansı gigiyenik təsiri yoxdur.
Əlləri ancaq sabunla yumaq lazımdır.
Uşaqlara əl yumaqla yanaşı bunları da aşılamaq lazımdır:
Asqırıb-öskürən zaman ağızı qollarla qapatmaq;
Dişləri nizamlı şəkildə fırçalamaq;
Sağlam və təbii qidalarla qidalandırmaq;
İdman etməyi öyrənmək, bir idman növü ilə davamlı olaraq məşğul olmaq;
Nizamlı şəkildə yatmaq
Valideyn peyvəndlərin vurulmasına daim nəzarət etməli, uşaqların yanında siqaret çəkilməsinə imkan verməməli, ev temperaturuna diqqət yetirməli, otaqlarda rütubət olmasının qarşısını almalı, evi mütəmadi olaraq havalandırmalıdırlar.