Direktorun rüsvayçı səs yazısı yayıldı
Şagirdi faciəli şəkildə vəfat edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haqqında təhqiramiz fikirlər səsləndirib.
Rakus.az xəbər verir ki, direktorun səs yazısını “Mövqe.az” yayıb. Direktor baş vermiş hadisənin məsuliyyətini üzərindən atmaq və bu hadisədə uşağın ailəsini günahlandırmaq üçün jurnalistə bilərəkdən yanlış məlumat verib. Direktor səs yazısında Elinanın uğursuz ailənin uşağı olduğunu əsas gətirərək, bir növ intiharına haqq qazandırır.
Direktorun səs yazısı ilə bağlı Elinanın atası Ədalət Hacıyev verdiyi açıqlamada bildirib ki, məktəb direktoru baş vermiş hadisədə məsuliyyətdən yayınmaq üçün onun ailəsinə ləkə atır.
Ata bildirib ki, övladının yas mərasimində belə məktəb rəhbərliyi və ya müəllimlərdən heç kəs iştirak etməyib:
“Mənim qızım dünyasını dəyişib, bir yeniyetmə ölüb, ancaq məktəb direktorunun dediyi sözlərə baxın. Mən burada ölürəm acıdan. Mənim uşağıma, ailəmə bu nə ləkədir atırlar? Harada görüblər ailəmin, övladımın tərbiyəsizliyini? Belə idisə, niyə o direktor mənim qızımı uzaqlaşdırmırdı məktəbdən? Dünyasını dəyişən bir qız uşağı haqda belə sözləri demək nə qədər insanlığa sığar?
Bir şagird məktəbdə intihar edib, ancaq məktəbin rəhbərliyi, müəllimlər – heç kəs uşağımın yasına gəlməyib. Çünki onların məsuliyyətsizliyi, yarıtmazlığı ucbatından bu hadisənin baş verdiyini yaxşı bilirlər. Mənim qızım məktəbdə son günlər təzyiqlərə, təhqirlərə məruz qalırmış. Məktəb rəhbərliyi bunu bildiyi halda niyə qarşısını almayıb? Ancaq indi bir körpəni ləkələməyə utanmır”.
Məktəbli özünü 3-cü mərtəbədən atdığı və xəstəxanaya yerləşdirildiyi gündən məsələni diqqətdə saxlayan və mütəmadi olaraq Elinanın səhhəti ilə bağlı məlumat verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə açıqlamasında bildirib ki, direktorun ailəni ləkələyən səs yazısından sonra ata özünü öldürmə həddinə çatıb:
“Biz Elinanın yas mərasimindəyik. Ailənin vəziyyətindən danışılası deyil. Atanı güclə saxlayıblar. İnanın, özünü öldürür”.
Xatırladaq ki, 4 aprel tarixində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibb Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib. (Axar.az)