İranda parlament seçkiləri – rədd olunan türk namizədlər – TƏHLİL - FOTO
İranda bu il fevralın 21-də keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürmüş hazırkı millət vəkillərinin bir çoxu seçki komissiyası tərəfindən diskvalifikasiya edilib.
Rakus.az xəbər verir ki, İran Azərbaycanında xüsusilə Urmiyə millət vəkili Nadir Qazipurun namizədliyinin rədd edilməsi sosial medianın gündəmindədir.
Qərbi Azərbaycan vilayətində hazırkı deputatlardan sadəcə Urmiyə vəkili Ruhullah Həzrətpur və Xoy vəkili Tağı Kəbirinin namizədliyinin qeydiyyata alındığı bildirilir.
İran xəbər agentliklərinin yaydığı məlumata görə, Qərbi Azərbaycanda Qazipurdan əlavə Hadi Bahadıri (Urmiyə), Eynullah Şərifpur (Makı), Şəhruz Bərzgər (Salmas), Cəlal Mahmudzadə (Mahabad) və Rəsul Xızri (Xana), Şərqi Azərbaycanda Zəhra Sai (Təbriz), Məsumə Ağapur (Şəbistər) və Qulu-üllah Quluzadə diskvalifikasiya edilib.
“Etemad Online” saytının bildirdiyinə görə, Şəbistər millət vəkili Məsumə Ağapurun qeydiyyata alınmamasının səbəbini “İslam dininə əməli bağlılığın olmaması” şəklində açıqlanıb.
İRNA agentliyi bildirib ki, Tehran şəhərinin türk millət vəkillərindən Məhəmməd Rza Badamçının növbəti seçkilərə namizədliyi rədd olunub.
Təbrizdə fəaliyyət göstərən “Nasr News” saytı Şərqi Azərbaycan vilayətində 11-ci parlament seçkilərində millət vəkilliyinə namizədliyini irəli sürənlərin sadəcə 40 faizinin qeydiyyata alındığını bildirib.