BƏƏ-də 22,65 trilyon kubmetr qaz ehtiyatları tapıldı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) fevralın 3-də Əbu-Dabi və Dubay əmirlikləri arasında yerləşən Şeyx Əl Sidirah və Cəbəl Əli ərazilərində 22,65 trilyon təbii qaz ehtiyatları olan yataqlar kəşf edildiyi barədə bəyanat yayıb.
Rakus.az xəbər verir ki, yeni qaz yataqları yaxın 50 ildə ölkənin inkişafını, böyük layihələrin həyata keçirilməsini daha da sürətləndirəcək.
Bəyanatı Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) və Dubay Təchizat Korporasiyası (DUSUP) yayıblar. Onların qaz yataqlarının kəşfiyyatı və hasilatı üzrə birgə layihəsi də “Cəbəl Əli” adlanır. BƏƏ paytaxtında keçirilən layihənin imzalanma mərasimində ölkənin Baş Naziri və vitse-prezidenti Şeyx Məhəmməd bin Rəşid Əl Məktum və vəliəhd şahzadə, BƏƏ Silahlı Qüvvələri Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan iştirak ediblər.
Mərasimdə layihənin detalları barədə məlumat verilib. Qeyd olunub ki, 5 min kvadratkilometr ərazidə kəşf edilən qaz yataqlarında hasilatın həyata keçirilməsi məqsədilə yeni texnologiyalardan istifadə olunacaq. Yataqların işlənməsi üzrə sərmayə də ADNOC və DUSUP tərəfindən qoyulacaq. Layihə çərçivəsində yeni qaz anbarlarının tikilməsi də nəzərdə tutulur.