Fransada icazə elektron qaydada veriləcək
Fransada yeni növ koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan ümummilli özünütəcrid şəraitində sakinlər evdən çıxmalarının əsaslı olduğunu təsdiqləmək üçün zəruri QR-kodu smartfonları vasitəsilə alacaqlar.
Rakus.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər naziri Kristof Kastaner“Twitter” səhifəsində məlumat verib.
“Elektron formanı doldurmaq üçün yeni fürsət yaradıldığını elan edirəm. Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan yeni həll yolu sadə və təhlükəsizdir”, – o yazıb.
Bazar ertəsindən başlayaraq smartfon və ya planşet sahibləri xüsusi formanı elektron formada yükləyə, onu doldurub sonradan yoxlama zamanı polis əməkdaşları tərəfindən skan ediləcək QR kodu alacaqlar. Bu, polis və sakinlər arasında fiziki təmasdan qaçınmaq üçün atılmış addımdır.
Bu il martın 17-dən etibarən Fransada özünütəcrid rejimi qüvvədədir. Rejim hələlik aprelin 15-dək keçərlidir. Ölkə sakinlərinə yalnız əsaslı səbəb göstərilən sorğu anketini doldurduqdan sonra evlərini tərk etməyə icazə verilir.