Zurabişvili Marneulidə oldu - FOTO
Gürcüstanın Kvemo Kartli bölgəsi çoxmillətli bölgədir. Bu bölgədə yaşayan milli azlıqların cəmiyyətə inteqrasiyası çox vacibdir. Bunun üçün onlar dövlət dilini bilməli və biz onların gürcü dilini öyrənmələri üsullarını asanlaşdırmalıyıq.
Rakus.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili martın 19-da azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonuna səfəri çərçivəsində keçirdiyi görüşdə söyləyib. Dövlət başçısı deyib ki, Marneulidə gürcülərin, azərbaycanlıların və digər millətlərin birgə yaşaması faktı Qafqazın ümumi dəyəri olan bu ölkədə sülh, qarşılıqlı anlaşma, hörmət və tolerantlığın nümunəsidir.
Məlumat üçün qeyd edək ki, prezident seçildikdən sonra bölgəyə ilk dəfə səfər edən Salome Zurabişvili Marneuli meriyasında Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, merin vəzifələrini müvəqqəti icra edən Zaur Tabatadze, bələdiyyə sədri Amiran Giorgaze və yerli bələdiyyənin digər məsul şəxsləri ilə görüşüb.
Ölkə başçısı Marneulidəki Zurab Jvania adına gürcü dili tədris mərkəzinə baş çəkib və oradakı tələbələrin dərsləri ilə yaxından tanış olub. Prezident tələbələrlə söhbəti zamanı Kvemo Kartli bölgəsinin böyük potensiala malik olduğunu deyib.
Sonra Prezident Marneuli rayonunun Tamarisi kəndindəki 1 nömrəli məktəbin müəllim və şagirdləri ilə görüşüb. O, şagirdlərə müraciət edərək gürcü dilinin əhəmiyyətindən danışıb. Bildirib ki, bütün şagirdlər gürcü dilini mükəmməl səviyyədə bilməlidirlər. Burada azərbaycanlılar və gürcülər, eləcə də digər millətlər tolerant yaşamalıdır. Bu gün tolerantlığı bir dəyər kimi qorumaq çox vacibdir.
Sonra Gürcüstan Prezidenti Bolnisi rayonuna gedib.(AZƏRTAC)