Britaniyada karantin rejimi yumşaldıldı
Bu gün Böyük Britaniyada koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb.
Rakus.az xəbər verir ki, insanların artıq çöldə daha çox vaxt keçirməsinə icazə veriləcək.
Vətəndaşlar parklarda piknik təşkil edə, balıq ovlaya biləcəklər.
Tennis kortları, qolf klubları və basketbol meydançaları da daxil olmaqla, açıq idman obyektləri yenidən ziyarətçilərini qəbul edəcək. Bu yerlərdə insanlar təkbaşına, ailə üzvləri və sosial məsafə qaydalarına riayət etməklə başqaları ilə oyun oynaya biləcəklər. Gün ərzində kənarda istənilən qədər məşq edilə bilər.
Bundan əlavə, milli parklara və çimərliklərə gedə və kənarda vaxt keçirmək şərtilə heç bir məsafə məhdudiyyəti olmadan səyahət etmək mümkün olacaq.
İctimai nəqliyyatdan istifadə etməmək tövsiyə olunduğundan, bu cür səyahətləri yalnız xüsusi nəqliyyat vasitələri ilə həyata keçirmək mümkün olacaq.
Evdə işləyə bilməyən tikinti və ya fabrik işçiləri iş yerlərində təhlükəsizlik prosedurlarının təmin edilməsi şərti ilə çalışa biləcəklər.
Barlar, gecə klubları, restoranlar və teatrlar kimi müəssisələr hələlik bağlı qalacaq.
Plana əsasən, ikinci mərhələdə 1 iyun tarixində bəzi mağazalar açılacaq və şagirdlər ibtidai siniflər də daxil olmaqla, dərslərə başlayacaqlar.
İyul ayında başlaması planlaşdırılan üçüncü mərhələdə etibarlı olduqları və sosial məsafə qaydalarına əməl etdikləri təqdirdə, hotellər və ictimai yerlər yenidən açılacaq.