Moskvada koronavirusa yoluxma halları çoxalır
Rusiyanın paytaxtı Moskvada indiyədək 152 306 nəfərə COVID-19 diaqnozu qoyulub.
Rakus.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayb.
Məlumata görə, ötən sutkada paytaxtda 2 699 nəfərdə koronavirus aşkarlanıb. Eyni dövr ərzində 75 nəfər COVID-19-dan ölüb. Beləliklə, şəhərdə pandemiya qurbanlarının sayı 1 726-ya yüksəlib.
Bildirilib ki, indiyədək 36 936 nəfər virusdan sağalıb.
Moskvada koronavirusa yoluxma hallarının sayı Türkiyəni ötüb. Belə ki, mayın 19-na olan məlumata görə, Kiçik Asiya ölkəsində 151 615 nəfərə koronavirus diaqnozu qoyulub.
Xatırladaq ki, mayın 20-nə olan məlumata görə, Rusiyada koronavirusa yoluxanların sayı 308 705 nəfərə çatıb. Federasiyada 85 392 nəfər virusdan sağalsa da, 2 972 nəfər infeksiyadan ölüb. Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada ABŞ-dan sonra 2-ci ölkədir.