YENİLƏNDİ: Paytaxta avtomovil axını böyük tıxac yaratdı - FOTO - VİDEO
Həftəsonu və bayram günü ilə əlaqədar yaranan 3 günlük qeyri-iş günlərində paytaxtdan regionlara gedənlərin geri qayıdışı asan olmayıb.
Rakus.az xəbər verir ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə bağlı rayonlara üz tutan paytaxt sakinlərinin geri qayıtması Bakı-Ələt postu ilə yanaşı, bir sıra alternativ yollarda da qeydə alınıb.
Bununla əlaqədar Bakının bütün giriş-çıxış nöqtələrində böyük tıxaclar yaranıb.
Belə ki, Bakı, Sumqayıt və Abşerona giriş-çıxış qadağası ilə əlaqədar qurulan stansionar postlarda sənədlərin yoxlanılması tıxacın daha da artması ilə nəticələnib.
Analoji vəziyyət ötən həftənin cümə və şənbə günləri vətəndaşlar regionlara üz tutan zaman da baş vermişdi. Hətta bir çox vətəndaşlar tıxac səbəbilə əsas şose yolundan çıxaraq, torpaq yolla hərəkətini davam edtirmişdi.
Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində 14 iyun saat 00:00-dan etibarən 16 iyun saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.
Həmin müddət ərzində Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.
Burada yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna kimi tanınıb.
06:56
Həftəsonu sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı rayonlara üz tutan paytaxt sakinlərinin geri qayıtması Bakı-Ələt postunda tıxaca səbəb olub.
Rakus.az xəbər verir ki, səhər saat 06:00-dan başlayaraq yaranmış tıxacın uzunluğu hazırda bir neçə kilometrə çatır.
Bəzi sürücülər tıxacdan çıxa bilmək üçün kənar yollardan istifadə edir.
Xatırladaq ki, Azərbaycanın bir neçə iri şəhər və rayonlarında, eləcə də, Bakıda həftəsonu sərt karantin rejiminin tətbiq edilməsi barədə qərar qəbul edilib. Bu səbəbdən şəhərin çıxış postlarında böyük tıxac müşahidə edilib. Bir çox sürücülər şəhəri torpaq yollarla tərk etməyə çalışıb.