Bu gün Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə videokonfrans formatında görüşü baş tutub.
Rakus.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bir saat davam edən video konfransda tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər.
Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırıb.
Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd ediblər. E.Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğulayıb.
Tərəflər qarşıdan gələn ay ərzində Minsk Qrupunun həmsədrlərin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti video konfrans formatında görüşünün təşkilinə razılaşıblar. Həmçinin, həmsədrlər nazirlərin birbaşa təmaslarının imkan olan ilk fürsətdə təşkili imkanlarını araşdıracaqlarını qeyd ediblər.
16:35
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyanın videokonfrans formatında görüşü başlayıb.
Rakus.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.
Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak edir.