ABŞ-da 300-dən çox immiqrant azadlığa buraxıldı
Federal agentlərin son 10 ildə Birləşmiş Ştatlarda keçirdiyi ən böyük əməliyyatda – Missisipidəki qida məhsullarının emalı zavodundakı reyd zamanı həbs etdikləri 680 sənədsiz immiqrantdan yüzlərləsi bir gün sonra azad edilib.
Rakus.az xəbər verir ki, Birləşmiş Ştatların İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin Milli Təhlükəsizliyin İstintaqı bölməsi və ABŞ-ın Missisipi Ştatının Cənub Rayonu üzrə Prokurorluğunun rəsmiləri mətbuat konfransı zamanı 300-dən çox adamın, o cümlədən hamilə qadınlar və yetkinlik yaşına çatmayanların humanitar səbəblərə görə sərbəst buraxıldığını bildirib.
Zəmanət qarşılığında azad edilənlərə xəbərdarlıq sənədi təqdim edilib. Onlar nə vaxtsa immiqrasiya hakimi qarşısına çıxarılacaq. Həbsdə qalanlar isə Luiziana və Missisippinin həbsxanalarına göndərilib.
Həbs edilən 680 miqrantın demək olar, hamısı Latın Amerikasından olub.