Alpinistimiz dünyanın ən hündür zirvəsinə qalxdı
Mayın 22-də Nepal vaxtı ilə səhər saat 6-da İsrafil Aşurlu, Aleksandr Telnov və Zakra Larokdan ibarət alpinist üçlüyü dünyanın ən yüksək zirvələrindən biri Lhotzeyə (8516 metr) qalxıb.
Rakus.az xəbər verir ki, gecə 7800 metr yüksəklikdəki həmlə düşərgəsindən çıxan alpinistlər zirvəyə səhər saat 6-da çatıblar. Saat 10-a yaxın alpinistlər həmlə düşərgəsindən geri dönüblər və hazırda dincəlirlər. Alpinistlərin baza düşərgəsinə (5600 metr) sabah dönəcəkləri gözlənilir.
Bu, Azərbaycandan olan alpinistlərin həmin səkkizminliyə ilk ekspedisiyasıdır. İndiyədək İsrafil Aşurlu dünyanın ən yüksək zirvəsi Everestə (8848 m.) və Kantencanqaya (8596 m.) qalxıb.
İdman ustası İsrafil Aşurlu Azərbaycan Alpinist Klubunun təsisçisidir. Bundan öncə Azərbaycan Alpinizm Federasiyasına rəhbərlik edib.