Avropa İttifaqı səhiyyə üzrə dünya sammiti keçirəcək
Avropa İttifaqı 2021-ci ildə şuraya sədrlik edəcək İtaliyada səhiyyə məsələləri üzrə qlobal sammit keçirmək niyyətindədir.
Rakus.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin sessiyasında Avropa İttifaqında vəziyyətlə bağlı illik nitqində deyib.
“Mən gələn il şuraya sədrlik edəcək İtaliyada səhiyyə məsələləri üzrə qlobal sammit çağıracağam. Bu, Avropa İttifaqının avropalıları qoruduğunu göstərəcək”, – o bildirib.
Qərar Ursula fon der Lyayenin çıxışının bütünlüklə koronavirus pandemiyasına həsr edilən ilk hissəsi çərçivəsində elan olunub. Onun sözlərinə görə, pandemiya Avropa İttifaqında azalmağa doğru tendensiya nümayiş etdirmir. Bu səbəbdən Avropa Komissiyasının rəhbəri Aİ ölkələri üçün ümumi tibbi sistem formalaşdıracaq, həmçinin dərmanların hazırlanması və paylanması ilə məşğul olacaq Avropa Səhiyyə İttifaqı yaratmaq təklifi ilə çıxış edib.