Avropa Mərkəzi Bankı yeni avro buraxır
Avropa Mərkəzi Bankı (AMB) üzərində hazırkı sədr Kristin Laqardın imzası olan yenilənmiş avro əsginaslarının dövriyyəyə buraxılacağını elan edib.
Rakus.az xəbər verir ki, bu barədə AMB “Twitter” səhifəsində məlumat yayıb.
“Yeni imzalı əsginaslardan ilk olaraq 5 və 10 avro dəyərəindəki banknotlar dövriyyəyə buraxılacaq. Bu, gələn həftə reallaşacaq”, – məlumatda deyilir.
K.Laqard 2019-cu il noyabrın 1-dən AMB rəhbəri vəzifəsini icra edir. Amma buna qədər dövriyyədə yalnız onun üç sələfinin – Vim Duyzenberq (1998-2003-cü illərdə AMB-yə rəhbərlik edib), Jan-Klod Trişe (2003-2011) və Mario Draqinin (2011-2019) imzaları olan banknotlar olub.
AMB-dən bildiriblər ki, tənzimləyicinin keçmiş rəhbərlərinin imzaları olan əsginaslar yeniləri buraxıldıqdan sonra da qanuni ödəniş vasitəsi olaraq qalacaq.