Avstriya İtaliyadan gələnləri ölkəyə buraxmayacaq
Avstriyanın hakimiyyət orqanları İtaliyadan gələn insanların ölkəyə girişinə qadağa qoyulduğunu elan edib.
Rakus.az xəbər verir ki, bu barədə Avstriya kansleri Sebastyan Kurts hökumət nəzdində operativ qərargahın Vyanada keçirilən iclasının nəticələri barədə danışarkən deyib.
“İtaliyadan Avstriyaya insanların girişi qadağan edilib. Tibbi arayışı olanlar istisnadır. Hazırda İtaliyada olan avstriyalılara gəldikdə isə biz onların vətənlərinə qaytarılmasının təşkili üzrə Xarici İşlər Nazirliyi ilə iş aparırıq. Avstriyaya qayıdanların hamısının ev şəraitində iki həftəlik karantində qalması vacibdir”, – deyə Kurts bildirib.
Bundan başqa, yeni koronavirusun yayılması səbəbindən aprel ayına qədər ölkə daxilində 500 nəfərdən çox insanın iştirakı ilə küçə tədbirlərinin, qapalı məkanlarda isə 100 nəfərdən artıq iştirakçının olduğu tədbirlərin keçirilməsi qadağan edilib.