BAEA-nın müvəqqəti rəhbəri İrana səfərə hazırlaşır
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müvəqqəti rəhbəri Kornel Feruta bu həftə İrana səfər edəcək.
Rakus.az xəbər verir ki, Tehrana səfərin məqsədi İranın beynəlxalq nüvə razılaşmasından qismən çıxması ilə bağlı danışıqlar aparmaqdır.
K.Feruta İranda yüksək vəzifəli hökumət nümayəndələri ilə görüşəcək. İran tərəfinin öz nüvə proqramının genişləndirilməsinə dair planlarını açıqlayacağı da gözlənilir.
Almaniya və Avropa İttifaqı İranı 2018-ci ildə ABŞ-ın birtərəfli qaydada tərk etdiyi beynəlxalq razılaşmaya bundan sonra da əməl etməyə çağırıblar. Razılaşmanı qismən tərk etməklə İranın öz nüvə texnologiyası və nüvə tədqiqatlarını inkişaf etdirəcəyi ehtimal olunur.
K.Ferutanın səfəri nüvə üzrə beynəlxalq təşkilat rəhbərinin son 2 ildə İrana ilk səfəridir.
BAEA-nın baş direktoru Yukiya Amano iyulda vəfat etdikdən sonra, onun səlahiyyətlərini müvəqqəti olaraq K.Feruta icra edir.