Respublikanın yollarında hər gün dəfələrlə dövlət qeydiyyat nişanı olmadan idarə edilən “Naz Lifan” markalı avtomobillərə rast gələ bilirik.
Rakus.az xəbər verir ki, bu avtomobillər Qarabağ müharibəsi iştirakçılarına da verildiyindən bəziləri “müharibə veteranı” adından istifadə edib bu cür qanuna zidd əmələ yol verirlər. Bir vətəndaş olaraq Qarabağ müharibəsi iştirakçısının “Naz Lifan” yox, ən son model, ən bahalı avtomobil sürməyə layiq olduğunu düşünürük. Çünki vətən uğrunda sağlamlıqlarından, canlarından keçiblər. Ancaq bu cür nömrəsiz avtomobil sürücüləri hər hansı qəza etsə, kimisə vursa və hadisə yerindən yayınsa, onların tapılması həqiqətən müşkül məsələ olacaq. Bu hal kamera olmayan yollarda olsa, vəziyyət lap qəlizləşəcək. Ancaq nədənsə rəsmilər belə hala göz yumur.
Sosial şəbəkələrdə paylaşılan bir video isə daha çox diqqəti çəkir. Videonu paylaşan sosial şəbəkə istifadəçisinin dediyi kimi, videogörüntüyə baxanda görünür ki, sürücünün uzağı 30 yaşı olar. Qarabağ müharibəsinin baş verməsindən isə 30 ilə yaxın vaxt keçməsini nəzərə alsaq, bu sürücü haçan, harda, necə “Qarabağ veteranı” oldu? Deməli bu sürücü də əsl Qarabağ veteranlarının adından istifadə edir. Ancaq biz əminik ki, əsl Qarabağ veteranları bu addımı atmırlar. Çünki onlar nömrəsiz avtomobil idarə etmək uğrunda yox, vətən uğrunda döyüşüblər. Vətən uğrunda döyüşən hər kəsin boynumuzda haqqı var.
Ümid edirik ki, DYP rəhbərliyi hadisənin ciddiliyini nəzərə alıb tədbirlərə başlayacaq. (Qaynarinfo)