Fevralın 9-da Bakının Nəsimi rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib.
Rakus.az xəbər verir ki, hüquq mühafizə orqanlarından verilən məlumata görə, Toğrul Fikrət oğlu Əhmədov əməliyyat məlumatları əsasında saxlanılıb.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Toğrul Fikrət oğlu Əhmədovun idarə etdiyi BMW markalı avtomobilə baxış keçirilib.
Baxış zamanı avtomobildən 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə cinayət işi qaldırılıb.
Xatırladaq ki, saxlanılan 1987-ci il təvəllüdlü Toğrul Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur. (BAKU.WS)