Bayrağa hörmətsizlik edən tələbə BDU-dan qovuldu – RƏSMİ
Sosial şəbəkələrdə Bakı Dövlət Universitetini tələbəsinin Azərbaycan bayrağına hörmətsizlik etməsi ilə bağlı video yayımlanıb.
Rakus.az xəbər verir ki, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi məsələ ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, həmin tələbə universitetdən xaric edilib:
“BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu bir neçə dəfə dərs zamanı Universitetin daxili nizam-intizam qaydalarını pozmuşdur. Bu barədə tələbəyə və valideyninə məlumat verilib, Universitetin daxili nizam-intizam qaydalarına əməl etməsinin vacibliyi izah olunub.
Lakin Pərviz Məhəmmədov 23.11.2020-ci il tarixində tədris prosesi zamanı yenidən Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmuş, həmçinin şəhidlərimizin qanı ilə boyanmış, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalandırdığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər etmişdir.
Bildiririk ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Qanunun 11-ci maddəsinə görə “Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur”.
Azərbaycan Respublikasının rəmzlərinə qarşı istənilən təhqir yolverilməzdir və məsuliyyətə səbəb olur.
Buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib.
Bu haqda özü və valideyni (atası) Bakı Dövlət Universitetinə çağırılmış, etdiyi hərəkətlər haqqında məlumat verilib.
Əlavə olaraq bildiririk ki, Pərviz Məhəmmədovun atası Əlipənah Məhəmmədov nə Birinci, nə də İkinci Qarabağ savaşında iştirak etmədiyini bildirib.