Bir əsr tarixi olan Nərimanlı kənd orta məktəbi – TƏDBİRİN MƏNZƏRƏSİ - FOTO - VİDEO
Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
Rakus.az xəbər verir ki, bu münasibətlə dekabrın 14-də Bakı Əyləncə Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müasir Azərbaycanın qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü uğurunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Basarkeçər Rayonu Nərimanlı Kənd İcmasının sədri Şirazi İbrahimov Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin tarixindən söhbət açıb. Bildirib ki, kəndə təhsilin əsası XVIII əsrdə qoyulub. Həmin dövrdə mədrəsə və məscidlərdə dini biliklər tədris olunub. XIX əsrin ortalarında Hüseynquluağalıdakı xüsusi evlərdə dini biliklərlə yanaşı, dünyəvi biliklər də tədris olunub. Bu işlərdə kəndin qabaqcıl ziyalıları, o cümlədən Kərbəlayi Qara, Heydərəli İsmayıloğlu, Qlava Balı, İsmayıl kişi xüsusi seçiliblər. Onların təşkilatçılığı ilə hətta Cənubi Azərbaycanın Ərdəbil və Qum şəhərlərindən alimlər Hüseynquluağalı kəndində təhsil prosesinə cəlb olunublar. Ermənilərin 1905-1907, 1918-1920-ci illərdə, ümumilikdə Qərbi Azərbaycanda törətdiyi qətliamlar soydaşlarımızı öz ata-baba yurdundan didərgin saldığı üçün Hüseynquluağalıda təhsil sahəsində görülən işlər yarımçıq qalıb. Yalnız 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra dövrün tanınmış ictimai-siyasi xadimi Nəriman Nərimanovun tövsiyəsi və dəstəyi ilə Hüseynquluağalı sakinləri tarixi torpaqlarına qayıda biliblər.

İcma sədrinin sözlərinə görə, 1921-ci ildən Hüseynquluağalıya qayıdan kənd sakinləri yaşayış məntəqəsinin yenidən dirçəldilməsi, o cümlədən təhsil ənənəsinin bərpa edilməsi istiqamətində addımlar atıblar. 1922-ci ildə Hüseynquluağalıda ilk dəfə 3 illik dünyəvi məktəb fəaliyyətə başlayıb. Kəndin adı 1924-cü ildə dəyişdirilərək Azərbaycan yazıçısı və ictimai xadimi N.Nərimanovun şərəfinə Nərimanlı adlandırılıb. 1925-ci ildə Nərimanlıdakı 3 illik təhsil ocağı 5 illik məktəbə çevrilib. Bununla da kənddə ilk ibtidai məktəb yaradılıb. Növbəti mərhələdə Nərimanlıda 8 illik, onun ardınca isə 10 illik tam orta məktəb fəaliyyətə başlayıb. Nərimanlı kənd orta məktəbində ilk direktor Feyzulla Əzimov olub. Onun ardınca müxtəlif illərdə Tanrıverdi Hacıyev, Əbülfət İsmayılov, Müzəffər İsmayılov, Qara Məmmədov, Səfər Aslanov, Əhməd Hacıyev, Qəmbər Bayramov Nərimanlı kənd orta məktəbinin direktorları olublar. Nərimanlı məktəbi internat tipli müəssisə olduğu üçün Basarkeçər rayonunun digər kəndlərinin sakinləri də burada təhsil almağa gəliblər.

Ş.İbrahimov vurğulayıb ki, Nərimanlının yetirdiyi şəxsiyyətlərdən biri olan Talıb Musayev 1946-1953-cü illərdə Basarkeçər rayon partiya komitəsinin birinci katibi işlədiyi illərdə savadlı müəllimləri Nərimanlı kənd orta məktəbində tədrisə cəlb edib. Bununla da Nərimanlı məktəbi Göyçənin akademiyası kimi şan-şöhrət qazanıb. Fəaliyyət göstərdiyi illər ərzində Nərimanlı məktəbinin şagirdləri yüksək göstəricilərlə müxtəlif ali təhsil ocaqlarının tələbəsi adını qazanıblar. Onlar peşəkar kadr kimi həyatın müxtəlif sahələrində fəaliyyət göstərib, doğma Vətənlərinə xidmət ediblər.

Qərbi Azərbaycan İcmasının (QAİ) nümayəndəsi İman Məmmədov QAİ sədri, millət vəkili Əziz Ələkbərlinin səmimi salamlarını tədbir iştirakçılarına çatdırıb. Nərimanlı kənd orta məktəbinin böyük təhsil ənənəsi olduğunu diqqətə çatdırıb.

Akademik, Basarkeçər Rayon İcmasının sədri Nuru Bayramov Nərimanlı kənd orta məktəbinin layiqli yetirmələrindən danışıb. Qeyd edib ki, təksə səhiyyə sahəsində bu gün 200-dən artıq Nərimanlı kənd orta məktəbinin məzunu çalışır. Bundan başqa, Birinci və İkinci Qarabağ müharibələrində Nərimanlı sakinləri Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün səfərbər olunublar. Bu döyüşlərdə Nərimanlıda anadan olan və ya Nərimanlı kökənli sayılan 22 nəfər şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayev Nərimanlı kənd orta məktəbinin məzunu olub. Ümummilli Lider Heydər Əliyevin ən yaxın silahdaşlarından, məşhur “91-lər”dən olan, mərhum millət vəkili Səfiyar Musayev vaxtilə Nərimanlı kənd orta məktəbini qızıl medalla bitirib. Bununla yanaşı, hazırda millət vəkili kimi qanunverici orqanda fəaliyyət göstərən Naqif Həmzəyev, Müzəfər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2020 və 2025-ci illərdə imzaladığı sərəncamlarla Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunan jurnalistlər Radik İsmayılov, Rufik İsmayılov, Turan İbrahimov da Nərimanlıda anadan olan gənclərdir.

Tədbirdə“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, Əməkdar jurnalist Qədir Aslan, tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov, Əməkdar mədəniyyət işçisi Fətullah Əliyev (Aşıq Fətullah) və digərləri də çıxış edərək Nərimanlı kənd orta məktəbinin uğurlarını dilə gətiriblər.

Sonda Nərimanlı kənd orta məktəbinin qocaman müəllimlərinə, Nərimanlı kənd icmasının fəaliyyətində xüsusi fəallıq göstərən şəxslərə diplom və sertifikatlar təqdim olunub.
Tədbir bədii hissə ilə davam etdirilib.







































