Elm və təhsil 30.06.2019 09:33

Böyük alim və əsl vətəndaş

Ömrünü elmə, təhsilə həsr edən akademik Cəlal Əliyev unikal şəxsiyyət olaraq şərəfli, vicdanlı, məsuliyyətli müəllim adını daim uca tutub, onun məktəbinin davamçıları hazırda Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Ukrayna, Koreya və digər ölkələrin nüfuzlu universitetlərində uğurla fəaliyyət göstərirlər.

Rakus.az görkəmli alim, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, biologiya elmləri doktoru Cəlal Əlirza oğlu Əliyevin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına bir daha nəzər salır.

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1942–1944-cü illərdə Naxçıvan Müəllimlər İnstitutunun təbiətşünaslıq-coğrafiya fakültəsində oxuyub, 1946–1951-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) biologiya fakültəsində ali təhsil alıb, 1951–1954-cü illərdə bitki fiziologiyası ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspirantı olub.

Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun bitki fiziologiyası şöbəsində kiçik elmi işçi kimi başlayan Cəlal Əliyev burada böyük elmi işçi və laboratoriya müdiri, 1962-ci ildən ömrünün sonunadək şöbə müdiri vəzifələrini tutub. O, eyni zamanda, Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda 1971-ci ildən yaradıcı qrupun rəhbəri və laboratoriya müdiri işləyib, 1990-cı ildən məhsuldarlıq prosesinin molekulyar-genetik əsasları şöbəsinə rəhbərlik edib. Alim 1981–1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi olub.

Cəlal Əliyev bitki fiziologiyası ixtisası üzrə 1955-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib.

Akademik Cəlal Əliyev fundamental araşdırmaları və əldə etdiyi nailiyyətləri ilə respublikada elmin inkişafına sanballı töhfələr verib. Onun tədqiqatları ölkədə yeni istiqamətlər müəyyənləşdirməklə biologiya elmi qarşısında duran bir sıra aktual problemlərin həllinə xidmət edib.

Öz məktəbini formalaşdırmış alimin yaradıcılığının əhəmiyyətli qismi taxılçılığın inkişafına yönəlmişdi. Bu tədqiqatların nəticələrinin məqsədyönlü seleksiya işlərində kompleks şəkildə həyata keçirilməsi ilə Cəlal Əliyev yüksək məhsuldarlığa malik qiymətli sortlar yaratmışdı. Alimin rəhbərlik etdiyi laboratoriyalarda alınan nəticələr bir çox beynəlxalq kənd təsərrüfatı mərkəzlərinin tədqiqat proqramlarında rəğbətlə qarşılanıb.

Bioloji müxtəlifliyin qorunmasının əhəmiyyətini daim diqqət mərkəzində saxlayan alimin Azərbaycanda bitkilərin genetik ehtiyatları üzrə çoxsaylı beynəlxalq proqramların, eləcə də biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətləri olub. Cəlal Əliyevin inkişaf etdirdiyi elmi istiqamətlərdən biri də torpaq-bitki sisteminin radioaktiv parçalanma məhsullarının çirklənməsinin müəyyənləşdirilməsi ilə bağlıdır. Onun bu problemlə əlaqədar fundamental əsərləri beynəlxalq miqyasda çox yüksək qiymətləndirilib.

Akademik Cəlal Əliyevin elmi təşkilatçılığı sayəsində müxtəlif sahələrdən istedadlı tədqiqatçılar molekulyar biologiya və biotexnologiyanın aktual problemlərinin həllinə cəlb edilməklə elmin yeni istiqamətləri üzrə sanballı nəticələr əldə olunub və müasir kadr potensialı formalaşdırılıb. Alimin rəhbərliyi ilə 100-ə yaxın fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb.

Cəlal Əliyevin çoxillik axtarışlarının nəticələri Azərbaycanda və xaricdə nəşr olunmuş 600-dən çox elmi əsərdə, o cümlədən onlarla monoqrafiya və kitabda öz əksini tapıb. Müxtəlif ixtiralara görə aldığı çoxsaylı patentlər alimin gərgin əməyinin məhsuludur. Cəlal Əliyev bir sıra beynəlxalq elmi qurumların, o cümlədən xarici ölkələrin kənd təsərrüfatı akademiyalarının, nüfuzlu elmi şuraların üzvü kimi fəaliyyət göstərib. O, iştirakçısı olduğu mötəbər simpozium, konqres və forumlardakı dolğun çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib.

Akademik Cəlal Əliyevin elmi və ictimai mühitdə qazandığı böyük hörmət onun taleyüklü məsələlərdə nümayiş etdirdiyi yüksək prinsipiallığı ilə bağlıdır. Ölkəmizdə XX əsrin axırlarında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə o, əsl vətəndaş mövqeyi tutub, milli mənafelərin müdafiəsi işinə sanballı töhfələr verib. Cəlal Əliyevin 1995–2015-ci illərdə ictimai xadim kimi fəaliyyəti Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlı olub.

Cəlal Əliyev əldə etdiyi elmi nailiyyətlərə görə bir çox beynəlxalq mükafatlar alıb, xarici ölkələr tərəfindən təltif edilib. Onun Azərbaycanda elmin inkişafı sahəsində çoxillik zəngin və məhsuldar fəaliyyəti daim yüksək qiymətləndirilib. Alim müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən “İstiqlal”, “Şərəf” ordenlərinə və müxtəlif fəxri adlara layiq görülüb. O, 2016-cı il fevralın 1-də ömrünün 88-ci ilində vəfat edib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli Sərəncamına əsasən akademik Cəlal Əliyevin 90 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

Görkəmli alim və tanınmış ictimai xadim Cəlal Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaq. (AZƏRTAC)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO