BŞBPİ Buludlu və Məmmədova ilə bağlı münasibət bildirdi
“Ərzulla Buludlunun və Rəbiyyə Məmmədovanın xəsarət alması ilə bağlı deyilənlər əsassızdır”.
Rakus.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, polisin təşəbbüsü ilə hər iki şəxs müvafiq həkim müayinəsindən keçirilib: “Onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb”.
Xatırladaq ki, dünən bir qrup deputatlığa namizəd və tərəfdarları növbədənkənar parlament seçkilərinin elan olunmuş ilkin nəticələrinə etiraz etmək üçün Mərkəzi Seçki Komissiyasının qarşısında oturaq aksiya keçirməyə cəhd ediblər. MSK üzvləri onlarla görüşüb, şikayətləri dinləyiblər. Lakin iştirakçılar aksiyanı davam etdirməkdə israrlı olublar. Əraziyə gələn polis aksiyanın qarşısını alıb. Bu zaman aksiya iştirakçıları Ərzulla Buludlu və Rəbiyyə Məmmədovanın xəsarət alması barədə sosial şəbəkələrdə məlumat paylaşıblar. (apa.az)