Bu ölkənin 1-ci xanımı virusa yoluxdu
Koronavirus pandemiyası dünyanın bir çox ölkələrində hakim elita nümayəndələri arasında da yayılmaqdadır.
Rakus.az xəbər verir ki, daha bir ölkədə birinci xanım bu virusa yoluxub. İspaniya hökumətinin mətbuat xidmətinin bildirdiyinə görə, ölkənin baş naziri Pedro Sançesin xanımı Beqonya Qomesin Covid-19 analizləri müsbət nəticələnib.
Birinci xanımın hansı şəraitdə yoluxduğu məlum deyil. Bildirilir ki, baş nazir və yaxınları da virus testindən keçiblər. Hazırda Beqonya Qomes və əri özlərini yaxşı hiss edirlər, Monkloa sarayındadırlar.
İspaniya hökuməti koronavirusun yayılması səbəbindən ölkədə iki həftəlik fövqəladə vəziyyət elan edib. Ölkə üzrə hərəkət məhdudlaşdırılıb, insanların ancaq işə, zəruri hallarda supermarketlərə və apteklərə getməsinə icazə verilir. İspaniyada 5 mindən çox insan koronavirusa yoluxub, 133 nəfər virusdan ölüb.
Xatırladaq ki, bundan əvvəl Kanada baş naziri Castin Tryudonun xanımı koronavirusa yoluxmuşdu. Onun virusa əri ilə birlikdə Londonda səfərdə olarkən yaxalandığı bildirilir.