Bunları bilirsinizmi?
Qrip dünyada ən çox yayılmış xəstəliklərdən sayılır.
Rakus.az xəbər verir ki, hər il 650 minə yaxın insan bu xəstəlikdən dünyasını dəyişir. Qripə yoluxma halları payızın ortalarından başlayıb, may ayına qədər davam edir. Təəssüf ki, qrip olanların çoxu həkimə getmədən, ev şəraitində müalicə olunmağa üstünlük verirlər. Bu isə ağır fəsadlara, hətta ölüm hallarına belə yol aça bilər. Bəs, bu xəstəliyi özbaşına müalicə edən zaman hansı ölümcül səhvlərə yol verilməməlidir? E-tibb.az geniş yayılmış həmin yanlışları diqqətə çatdırır.
Həkim təyinatı olmadan antibiotik qəbulu
Qripin müalicəsində ən çox yayılmış səhv dərhal antibiotik qəbul etməkdir. Qripin yaranma səbəbi virusdur, bakteriya yox. Ona görə də xəstəliyin başlanğıc mərhələsində antibiotiklərin heç bir yararı olmur. Üstəlik, istənilən antibiotik yalnız patogen deyil, faydalı mikrofloranı da məhv edir, bununla da, orqanizmin immun müdafiəsi zəifləyir.
Reklamlara inanmaq
Marketinq uğurunun parlaq nümunəsi kimi “Arbidol” preparatını göstərmək olar. Dərmanın effektivliyi yalnız rusiyalı araşdırmaçılar tərəfindən təsdiq edilib, Qərbdə isə onu heç dərman belə saymırlar. Mikrob və virus əleyhinə preparatların klassifikasiyasına da yalnız 2015-ci ildə daxil edilib. Reklamlarda otların, polivitamin kompleklərindən hazırlanmış fitopreparatların təsiri o ki var, təriflənir, əslində isə onların effektivliyi elm tərəfindən sübut edilməyib. Odur ki, reklamlara aldanmayın.
Otağın havasını dəyişmək
Belə bir fikir yayılıb ki, xəstənin olduğu otağın havasını mümkün qədər tez-tez dəyişmək lazımdır. Bəzi insanlar isə hesab edirlər ki, pəncərəni açmaq xəstənin vəziyyətini daha da pisləşdirir. Əslində, həqiqət bu iki fikrin ortasındadır. Otağı havalandırmaq virusların havada konsentrasiyasını azaldacaq. Sadəcə, bu zaman xəstəni pəncərəsi açılan otaqdan çıxarmaq lazımdır. Çünki havanın temperaturunun birdən-birə düşməsi orqanizmin termorequlyasiyasına (bədəndə olan istiliyi ətrafa vermək) səbəb olacaq ki, bunun da xəstəyə ziyanı var.