Bunları bilirsinizmi?
Hər ata-ana övladını qorumaq üçün əlindən gələni etməyə çalışsa da, bəzən baş verən xırda qəzaların qarşısını ala bilmir.
Rakus.az xəbər verir ki, ən çox rastlanan belə qəzalar arasında uşaqların beşikdən, stuldan, divandan, yataqdan başı üstə yıxılmalar var. Nisbətən böyük uşaqlar isə parklarda, bağça və məktəbdə yıxılırlar. Bəs uşaqlar yıxılanda nələrə diqqət etmək, necə davranmaq lazımdır?
Həkimlər deyir ki, bu cür durumlarda ilk 24 saat olduqca vacibdir. Yıxılan uşaq və ya körpə 2 saat yatızdırılmadan müşahidə altında saxlanmalıdır. Yaralanma, qanama, qusma varsa, huşunu itiribsə, dərhal təcili yardım çağırmaq lazımdır. Yox, əgər uşaqda bu kimi əlamətlər və ya hansısa narahatlıq yoxdursa, xəstəxanaya getməyə ehtiyac qalmaya bilər. Lakin yenə də valideyn bəzi hallara diqqət etməlidir. Təhlükəli ola biləcək əlamətlər bunlardır:
– Körpə uşaqlarda səbəbsiz və uzun müddət davam edən ağlamalar varsa, heç cür sakitləşmirsə
– Əmgəyində şişlik yaranıbsa
– Yuxuya meylilik varsa, həmişəkindən daha çox yatırsa, yaxud onu yuxudan oyada bilmirsinizsə
– Göz bəbəyi ölçüləri eyni deyilsə
– Təkrarlanan qusma olursa
– Burun və ya qulağından qan, sarı-ağ rənqli maye axırsa
– Gəzə bilən uşaqlarda nizamsız yerimə, qol və ayaqlarda güc itkisi müşahidə olunursa
– İşığa və səsə qarşı həssaslıq varsa
Uşaqların yıxılmaması və yaralanmaması üçün valideynlər bəzi qabaqlaycı tədbirlər görə bilərlər. Məsələn:
– Beşiyin alt hissələrinə döşəkcə, yastıq kimi yumşaq əşyalar qoyun ki, uşaq yıxıldığı təqdirdə bədəni, başı yerə dəyməsin.
– İməkləyən uşağı uzun müddət otaqda tək qoymayın.
– Pəncərələrə xüsusi kilidlər vurdurun ki, uşaq aça bilməsin.
– Uşağı balkon və pilləkənlərdən uzaq tutun.
– Mebellərin iti künclərinə plastik qoruyucular taxın.
– Hündürdəki əşyaların kabel və iplərini uşağın əli çatmayacaq şəkildə yığışdırın, yoxsa çəkib üstünə sala bilər.